Avropa İttifaqı diplomatik və rəsmi pasporta sahib Gürcüstan vətəndaşlarına vizasız rejimin dayandırılması prosesinə davam etdirir.
Bildirilib ki, Avropa İttifaqı Gürcüstan hakimiyyətinin gördüyü tədbirlərdən, o cümlədən xarici təsirin şəffaflığı haqqında qanunun, habelə Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan digər qanunvericilik aktlarının qəbulu ilə bağlı ciddi narahatdır.
Qeyd olunur ki, bu cür addımlar Gürcüstanın Avropa yolunu təhlükə altına alır:
"Faktiki olaraq Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan addımlar qoşulma prosesinin dayanmasına gətirib çıxarır. Gürcüstan hökumətinin ölkənin Aİ-yə qoşulma prosesini 2028-ci ilə qədər dayandırmaq barədə son qərarını təəssüflə qarşılayırıq".
Bəyanatda vurğulanıb ki, Avropa İttifaqı Gürcüstan xalqı və onların Avropa gələcəyi seçimi ilə həmrəydir:
"Aİ-yə qapı açıq olaraq qalır, Gürcüstanın Avropa dəyərlərinə və Aİ-yə qoşulma yoluna qayıdışı Gürcüstan rəhbərliyinin əlindədir. Gürcüstan hakimiyyətini artan polyarizasiyanın aradan qaldırılması üçün konkret addımlar atmağa və anti-Aİ ritorikası və dezinformasiya kimi siyasi gərginliyi daha da artıra biləcək hərəkətlərdən çəkinməyə çağırırıq".
Sonda bu bəyanata Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Moldova Respublikası, Monako, Monteneqro, Şimali Makedoniya, Norveç, San-Marino, Ukrayna, Birləşmiş Krallıq kimi ölkələrin də qoşulduğu diqqətə çatdırılıb.